Torpağının altı da, üstü də təbii sərvətlərlə zəngin olan Azərbaycan dünyada əsasən neft ölkəsi kimi tanınır. Təsadüfi deyildir ki, dünyada ilk dəfə 19-cu əsrdə neftin sənaye üsulu ilə çıxarılması məhz Azərbaycanda baş vermişdir. Təəsüf ki, sovetlər dönəmində Azərbaycan nefti xalqımıza xidmət etməmiş, 70 il keçmiş SSRİ - nin inhisarında olmuşdur. İkinci Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsi dövründə Azərbaycan cəbhəyə 75 milyon ton Bakı nefti göndərmişdir ki, bu da həmin dövrdə sərf edilmiş neftin təqribən 90 faizini təşkil edirdi. Lakin özünün 600 min övladını cəbhəyə göndərən, müharibədə 300 mindən çox övladını qurban verən, döyüş texnikalarını yanacaqla təmin edən ölkəmizin xidmətləri keçmiş SSRİ rəhbərləri tərəfindən layiqincə qiymətləndirilməmişdir. Əksinə, SSRİ - nin varisi olan Rusiyanın hərbi hissələri ermənilərlə çiyin-çiyinə Azərbaycan ərazilərinin işğal olunmasında iştirak etmişlər. Azərbaycan Respublikası yenidən müstəqilliyinə qovuşduqdan sonra məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabr ayının 20-də Dünyanın aparıcı şirkətləri ilə neft kontraktları imzalandı. Həmin vaxtdan Azərbaycan nefti öz xalqının rifahına xidmət etməyə başladı. Əsas məqamlardan biri də o idi ki, bu işləri doğru-dürüst aparmaq üçün Azərbayca Neft Şirkətinin başına cənab İlham Əliyevin gətirildi. İlham Əliyev iqtsadiyyat sahəsinə yaxından bələd olduğu üçün bu sahədə xeyli uğurlu nəticələr əldə etməyə nail oldu. Onun başçılığı altında böyük layihələr həyata keçirilməyə başlandı. Təsadüfi deyildir ki, ən böyük layihələrdən biri olan Bakı-Ceyhan neft kəmərinin əsası cənab İlham Əliyevin Azərbaycan Neft Şirkətinə başçılıq etdiyi zamanda qoyulmuşdur. 19 sentyabr 2020-ci il tarixdə Abşeron yatağının təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha diqqəti Azərbaycan neftinin xalqın rifah halının yaxşılaşmasına xidmət etdiyinə yönəltdi. Bu gün Azərbaycanda görülən işlər, həyata keçirilən sosial layihələr, infrastrukturun tamamilə yemilənərək müasir standartlara cavab verməsi göz qabağındadır. Azərbaycan inkişaf dinamikasına görə Qafqazda lider dövlətə çevrilmişdir. Nizami Əliyev,Xocalı rayon sakini